Bildiyimiz kimi, heç bir şirkət yalnız istehsal etdiyi məhsullar yaxud təklif etdiyi xidmətlər hesabına uzun müddət uğurlu fəaliyyət göstərə bilməz. Bu ona görə baş verir ki, müasir zamanda düzgün aparılan inkişaf siyasəti keyfiyyətli reklam və güclü PR alətləri üzərində qurulur. Çünki düzgün aparılan marketinqin köməyi ilə şirkətin imkanları və bazarın tələbatları bir araya gətirilir, yeni məhsullar və ya xidmətlər istehlakçılara təqdim olunursa, düzgün aparılan reklam və PR həm şirkətin tanınmasına, həm də bu məhsul və ya xidmətlərin bazarda öz mövqeyini tutmasına, satışların artmasına kömək edir.
Şirkətin inkişaf strategiyasında reklam və PR-ın rolunu qiymətləndirməmək olmaz, ən azı ona görə ki, bu alətlər insan psixologiyasına təsir etməklə, onu motivləşdirmək, emosional kökləmək, stimullarını təşkil etmək, düzgün prioritetlər qurmaq imkanını verirlər.
Təcrübə göstərir ki, arsenalda qabaqcıl, dəqiq düşünülmüş, yüksək səviyyədə hazırlanmış güclü reklam və PR instrumentləri olmadan heç bir şirkət bazarda uğurlu rəqabətli fəaliyyət göstərə bilməz.
Müasir zamanda şirkətin brend konsepsiyası yalnız korporativ üslubda olan qrafik təsvirlər dəstindən ibarət deyil. Düzgün hazırlanmış brend konsepsiyası, cəmiyyətdə özü barədə müəyyən fikir formalaşdırmalı, zəruri emosiyaları yaratmağı bacarmalıdır. Çünki bütün bu fikir və emosiyaların təşkili korporativ ruh, korporativ dünyagörüşü və inkişaf strategiyasını özündə birləşdirən kommunikasiyalar konsepsiyasını əmələ gətirir. Brend konsepsiyası brendin yaradılması üçün əsasdir.
Hər bir başqa ideya kimi, brend konsepsiyası da yaradıcı axtarışlar prosesində əmələ gəlir. Amma yaddan çıxarmaq lazım deyil ki, brend konsepsiyası vizual identifikasiya ilə yanaşı həm də onun bütün kommunikasiyalarının əsasını, brend adının, sloqanlarının, logotipinin, istehlakçı ilə ünsiyyət “dilinin”, reklam ideyalarının və müxtəlif cür reklam və təqdimat materiallarının özəyini təşkil edir. Bu fakt brend konsepsiyasının üzərinə böyük məsuliyyət qoyur. Odur ki, peşəkar və istedadlı brend konsepsiya yaradıcılarının əsas məqsədi istehlakçıya brendin ideyasını düzgün çatdırmaqdır.
Brendin logotipi, üslub əmələ gətirən elementlərin vizual konsepsiyası, istər məhsulun qablaşması, korporativ üslub, reklam dizaynı, istərsə də şirkətin daxili və ya xarici tərtibatı, təsdiqlənmiş brend konsepsiyasına tabe və brend adına müvafiq olmalıdır. Bundan əlavə, brendin vizual konsepsiyası, brendin stilistikasını, xarakterini, rəng üslubiyyətini, assosiativliyini və vizual məzmun dolğusunu təsvir edir və motivləşdirir və brendin vizual tərkibinin spesifik cəhətlərini təyin edir.